Ağstafa şəhəri M.P.Vaqif, H.Aslanov, A.Abdullayev, Ə.Əhmədov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində M.P.Vaqif, H.Aslanov, A.Abdullayev, Ə.Əhmədov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Cəbrayıl Hüseynov Ə.Əhmədov küçəsi ilə N.Gəncəvi küçəsinin kəsişdiyi yerdə içməli su siyirtməsi quyusunun bərpa edilməsini xahiş etdi.
2. Ruflan Rəhimov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
3. Elmira Alıyeva kanalizasiya sistemi və içməli su şəbəkəsinin tikintisinin başa çatdırılmasının sürətləndirilməsinin vacibliyindən danışdı.
4. Şirin Osmanova mənzilinin təmirinə köməklik edilməsini xahiş etdi.
5. Qulu Paşayev M.P.Vaqif, H.Aslanov, A.Abdullayev, Ə.Əhmədov küçələrində qazılmış yerlərin xırlanmasını təklif etdi.
6. Validə Məmmədova şəhərin mərkəzi küçələrinə əhalinin ümumi istifadəsində olan içməli su krantlarının quraşdırılmasını xahiş etdi.
7. Qəşəm Məmmədov küçələrə müasir tipli işıqlandırma dirəklərinin quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
8. Elmira Hüseynova küçələrdə toplanan məişət tullantılarının vaxtında yığılaraq daşınmasının təmin edilməsi haqqında danışdı.
9. İlqar Musayev hər dörd küçəyə içməli suyun verilmə müddətinin artırılmasını xahiş etdi.
10. Mayıl Qurbanov şəhərin dəmir yolunun alt hissəsində olan Gənclər parkının müasir üslubda yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
11. Roza Babayeva dəmir yolunun alt hissəsinə əhalinin gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə, dəmir yolundan yeraltı keçidin inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə və R.Alıcanov küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Şəhərin Ü.Hacıbəyov küçəsinə asfalt örtüyünün salınması tam başa çatdırılmışdır. Hazırda şəhərin Səməd Vurğun və 20 yanvar küçələrində abadlıq işlərinə başlanılmışdır. Qeyd olundu ki, cari il ərzində M.P.Vaqif, H.Aslanov, A.Abdullayev, Ə.Əhmədov küçələrində abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.