Əsaslı yenidənqurmadan sonra rayon Doğum evi istifadəyə verildi
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin inzibati binasında aparılan əsaslı yenidənqurma işləri yekunlaşmışdır. Binanın istifadəyə verilməsi münasibəti ilə geniş mərasim keçirilmişdir. Mərasimdə Ağstafa İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun səhiyyə kollektivi və ictimaiyyət nümayədnələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı ilk öncə qarşdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmişdir. Ölkə səhiyyəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs edərək bildirilmişdir ki, əsaslı yenidən qurularaq istifadəyə verilən bu mühüm əhəmiyyətli obyekt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Tədbirdə iştirak edən rayon səhiyyə kollektivinin nümayəndələri qeyd etdilər ki, onlara göstərilən bu cür yüksək diqqət onların məsuliyyətini daha da artırır və səhiyyə sahəsində əhaliyə göstərilən xidmətlərin daha yüksək keyfiyyətlə, daha dəqiq yerinə yetirilməsinə sövq edir.
Daha sonra doğum şöbəsinin inzibati binasında əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış olunub. Bina ən müasir texnologiyaya əsaslanan səhiyyə avadanlıqları və cihazları ilə təchiz olunub. Ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi quraşdırılmışdır ki, bunun da köməyi ilə istənilən vaxt hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkün olacaqdır. Eyni zamanda cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri yaradılmışdır. Cərrahiyyə otaqları elektron idarə olunan stollarla, narkoz aparatları ilə, eləcə də reanimasiya şöbəsi yüksək standartlara cavab verən süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün müvafiq cihazlarla təchiz olunmuşdur. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılmışdır. Həmçinin, burada fəaliyyət göstərəcək laboratoriyalarda da ən son texnoloji avadanlıqlar quraşdırlıb. Binanın ətrafı abadlaşdırılıb, həyətinə dekorativ daşlar döşənib, yaşıllıq sahələrinə müxtəlif ağac və gül-çiçək kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb, müvafiq yerlərə istirahət skamyaları qoyulubdur.