AĞSTAFADA NÖVBƏTİ DƏFƏ GƏNCLƏRİN TƏNTƏNƏLİ HƏRBİ XİDMƏTƏ YOLA SALINMASI MƏRASİMİ KEÇİRİLDİ
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə təntənəli mərasim keçirildi. Tədbir Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuşdur. Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti Başçısının birinci müavini Ramiz Tatarov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, çağırışçı gənclər, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirdilər. Mərasimi giriş sözü ilə açan rayon İcra hakimiyyəti Başçısının birinci müavini Ramiz Tatarov hərbi xidmətə yola salınan gəncləri, onların valideynlərini və doğmalarını ürəkdən təbrik edərək qeyd etdi ki, bu gün vahid mərkəzdən idarə olunan və güclü maddi-texniki bazaya malik olan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Son illər Ağstafa rayonunun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini göstərir. Rayon gənclərinin xidmət etdiyi hərbi hissələrdən valideynlərinə gələn minnətdarlıq məktubları hamıda qurur hissi doğurur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini Füzuli Əliyev məruzə ilə çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnəcək, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlar.
Daha sonra valideyinlər, müharibə veteranları və ictimaiyət nümayəndələri çıxış edərək həqiqi hərbi xidmətə yola salınan çağırışçılara uğurlar diləyib, onlara vətən qarşısında layiqli şəkildə borclarını yerinə yetirməyi tövsiyə ediblər.
Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.
Çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan Bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək, hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.