Şriftin ölçüsü :

Saytın rəngi :

Kolayır kəndində növbəti səyyar görüş

05 fevral 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində  rayon İcra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar görüşünü rayonun Kolayır kəndində keçirdi. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Görüşdə giriş nitqi ilə çıxış edən İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafada həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışdı. Qeyd olundu ki, son illər ərzində Ağstafada 144 km avtomobil yolu çəkilmişdir. Hazırda yenidənqurma işlərində son tamamlama mərhələsində olan Düzqışlaq-Kolayır avtomobil yolu bu işlərin uğurlu davamıdır. Ağstafanın yol-nəqliyyat təsərrüfatı kompleks şəkildə tamamilə yenidən qurulur. Quruculuq işləri ilə paralel rayonda yeni-yeni sənaye, istehsal və emal müəssisələri, zavod və fabriklər inşa olunaraq istifadəyə verilir. Bu isə Ağstafanın sürətli inkişafı və ağstafalıların daha firavan yaşamalarına zəmin yaradır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda  möhtərəm Prezidentimizin Ağstafanı ölkənin on ən inkişaf etmiş rayonları sırasında vurğulaması hər bir ağstafalı üçün qürur hissi doğurur.
Görüşdə Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Tağıyev geniş arayışla çıxış edərək bildirdi ki, Kolayır kəndində müasir tələblərə cavab verən 20 şagird yerlik modul tipli ibtidai məktəb tikilib istifadəyə verilib, kənd ərazisində olan bir ədəd subartezian quyusu təmir edilib,  740 metr uzunluğunda təsərrüfatdaxili suvarma arxları təmizlənib, məhəllədaxili yollarda təmir işləri aparılıb, kənd qəbiristanlığına 40 metr məsafədən içməli su xətti çəkilib, ərazidə 2 ədəd yararsız elektrik dayağı yenisi ilə əvəz olunub. Eyni zamanda kəndin təbii qaz, işıq və içməli su ilə təminatı daim diqqətdə saxlanılır.
Daha sonra kənd sakinləri çıxış edərək öz istək və təkliflərini səsləndirdilər. Belə ki, Hüseynov Hacı  kənddə yeni körpələr evi uşaq bağçası üçün binanın inşa edilməsi, Nuriyyə Yusifova  Kolayır kənd ibtidai məktəbin həyətinə asfalt örtüyünün salınması, Oruc Vəliyev  Ərazidə qəzalı vəziyyətdə  olan elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi kimi məsələləri önə çəkdilər. Səyyar görüşdə sakinləri  qəbul edən İcra başçısı məsələlərin qısa müddət ərzində həllini tapması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi. Sakinlər həmçinin əsaslı yenidənqurma işlərinin son tamamlama mərhələsində olan avtomobil yoluna və ümumilikdə kəndə göstərilən yüksək dövlət qayğısına  görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər