10 km uzunluğunda Kolayır- Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərarası yeni avtomobil yolu çəkilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunun bütün sahələri kimi yol-nəqliyyat infarstrukturu da kompleks şəkildə tamamilə yenidən qurulur. Belə ki, son illər rayonda ümumilikdə 144 km uzunluğunda yeni avtomobil yolu çəkilmişdir. Hazırda isə Kolayır-Düzqışlaq- Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunda işlər sürətlə davam etdirilir. “Azəravtoyol” ASC-nin sifarişi əsasında həyata keçirilən işlər çərçivəsində yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, elektrik, rabitə və qaz xəttlərinin bərpası işlərinə hazırlıq gedir. Avtomobil yolunun yenidən qurulması “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. 3-cü texniki dərəcəyə uyğun tikilən Kolayır kənd avtomobil yoluna asfalt-beton örtüyünün iki qatı salınıb və üst qat asfalt örtüyünün qoyulması işləri aparılır. Paralel olaraq Qarahəsənli kəndində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanmışdır.Hazırda Düzqışlaq, Mollacəfərli, Xılxına kəndlərində asfalt örtüyünün salınması üçün yol kənarlarında və yollarda torpaq işləri görülür.
Ağstafa rayonu İcra hakmiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə yolda aparılan işlərlə yaxından tanış oldu, aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi.
İşlərin yaxın zamanlarda təhvil veriləcəyi nəzərdə tutulub.