Ağstafa: Problemlərin əksəriyyəti həll olunub, qarşıda görüləsi işlər də var
Ağstafada ötən ilə yekun vuruldu. 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Heydər Əliyev Mərkəzində keçirilən hesabat yığıncağından əvvəl tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev hesabat yığıncağını giriş sözü ilə açdıqdan sonra Ağstafada 2017-ci ilin yekunlarına həsr olunmuş qısametrajlı film nümayiş olunmuşdur. Daha sonra rayon rəhbəri ilin yekunlarından danışmış, qarşıda duran vəzifələri geniş şərh etmişdir. Qeyd olunmuşdur ki, ölkə başçısının bölgələrə vaxtaşırı səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına şəxsən nəzarət etməsi, sahibkarlığın inkişafına, işsizliyin aradan qaldırılmasına yönəldilmiş bir sıra qlobal layihələrin həyata keçirilməsi qarşıda duran sosial-iqtisadi vəzifələri həll etməyə imkan verir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafanın da inkişafına böyük təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin son illər bu rayona səfərləri zamanı şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının, Heydər Əliyev və Səməd Vurğun parklarının, Musiqi Mərkəzinin, “Karvan-L” EKO sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin, “Modern” fabrikinin açılışlarında, Ağstafa Aqrar Sənaye Kompleksinin təməlqoyma mərasimində iştirakı , yeni inşa olunmuş Gənclər Mərkəzi, Yazıçılar evi, Paintbol atıcılıq mərkəzi, Tarixi abidələr parkı, Bayraq meydanı, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi ilə tanışlığı hər bir ağstafalının yaxşı xatirindədir. Ağstafada həyata keçirilən sosial-iqtisadi islahatlar ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə, orta aylıq nominal əməkhaqqı 1,4 dəfə artmışdır. Ötən il rayona 34,8 milyon manat özəl investisiya qoyulmuşdur ki, bunun da 25 milyon manatı xarici investisiyadır. Maraqlıdır ki, cəmi 6 milyon manat büdcəsi olan bir rayona ondan təxminən 6 dəfə çox investisiya yatırılmışdır.Təsadüfi deyildir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı ən çox investisiya yatırılmış 10 şəhər və rayonun sırasında Ağstafanın da adını çəkmişdir. 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika daha da inkişaf etmiş, ümumi məhsul buraxılışı- nın həcmi 53,5 faiz artaraq, 208,8 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmi 29,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 28,4 faiz təşkil edir. Tikintidə 2,2 dəfə, nəqliyyat xidmətində 4 faiz, rabitə xidmətində 6 faiz, ticarətdə 4,7 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,2 dəfə artmış və 95,2 milyon manata çatmışdır. Qeyd olunmuşdur ki, ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 42,4 faiz təşkil edir. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 241,7 manatdır. Ağstafanın yaşayış məntəqələri 98 faiz mavi qazla təmin olunmuşdur. Ötən il Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə təbii qazın verilməsi bərpa olunmuşdur. Yaxın vaxtlarda Böyük Kəsik kəndinə təbii qazın verilməsi ilə Ağstafa rayonu da təbii qazla 100 faiz təmin edilmiş rayonların siyahısı- na daxil ediləcəkdir. 2017-ci ildə rayon icra hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 44 səyyar qəbul – görüş ke- çirilmişdir. Bu qəbullarda 4891 nəfər sakin iştirak etmiş, 450 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 225-i həll olunmuş, 94-nün icrası davam etdirilir. Digər təkliflərin icrası ilə əlaqədar mü- vafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə sənədlərlə işin vəziyyəti və kargüzarlığın təşkili nəzarətdə saxlanılır. Yığıncaqda belə bir fikir dönə- dönə vurğulandı ki, ağstafalılar həmişə olduğu kimi, bundan sonra da həyata keçirilən möhtəşəm quruculuq işlərində daha yaxından iştirak edəcək, respublika Prezidentinin böyük diqqət və qayğısına əməli işləri ilə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəklər. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Nizami Cəfərov və Ülviyyə Ağayeva çıxış etmişlər. Hesabat yığıncağında ötən il rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup sakinə icra hakimiyyəti başçısının Fəxri fərmanları və qiymətli hədiyyələri verilmişdir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev yığıncağa yekun vuraraq demişdir ki, bugünkü hesabat əvvəlki illərdəkindən bir qədər fərqlənir. Bu dəfə kifayət qədər tənqid səsləndirilmədi, problemlərdən az danışıldı. Ona görə belə oldu ki, problemlərin əksəriyyəti artıq həll olunub, işlərimiz daha rəvan gedir və bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdar olmalıyıq. Gərək etimadı doğruldaq, qayğıya əməli işimizlə cavab verək.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri