Ağstafanın yeni yolları
Son illər Ağstafada 144 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilib. Hazırda çəkilən Kolayır-Düzqışlaq- Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolu isə “Azəravtoyol” ASC-nin sifarişi əsasında həyata keçirilən işlərin yeni mərhələsidir. Avtomobil yolunun yenidən qurulması qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Artıq 3-cü texniki dərəcəyə uyğun tikilən Kolayır kənd avtomobil yoluna asfalt-beton örtüyünün iki qatı salınıb və üst qat asfalt örtüyünün qoyulması işləri aparılır. Paralel olaraq Qarahəsənli kəndində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanmışdır. Hazırda Düzqışlaq, Mollacəfərli, Xılxına kəndlərində asfalt örtüyünün salınması üçün yol kənarlarında və yollarda torpaq işləri görülür.
Rayon icra hakmiyyətinin başçısı Məhərrəm Quliyev bir sıra məsul şəxslərlə birlikdə yolda aparılan işlərlə yaxından tanış olmuş, aidiyyatı üzrə müvafiq tapşırıqlarını vermişdir.
İşlərin yaxın zamanlarda təhvil veriləcəyi nəzərdə tutulub.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri