Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Şuranın müazkirəsinə çıxarılan məsələlər barəsində ətraflı məlumat verən cənab Məhərrəm Quliyev ilk öncə son dövrdə ölkəmizdə baş verən mühüm hadisələr və həyata keçirilən iqtisadi islahatlar kursu barədə ətraflı məlumat verərək qeyd etdi ki, son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib. İqtisadiyyatın müxtəlif sahələrində olan yeniliklər ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Qeyd edildi ki, ölkəmizdə əldə olunan ictimai-siyasi sabitliyin qorunması və sakinlərin problemlərinə daha həssas yanaşılıması hər bir dövlət orqanının rəhbərindən tələb olunan əsas şərtdir.
Şurada rayon İcra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri A.Hacıyev “ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası barədə çıxış edərək qeyd etdi ki, həmin istiqamətdə müvafiq olaraq inkişaf planlarının işlənməsini təmin etmək üçün işçi qrupu yaradılıb. Strateji yol xəritəsi 2016-2020-ci illər üçün inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ildən sonrakı dövrdə baxışı özünə ehtiva edir. Həmçinin, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahının daha da yüksəldilməsinə xidmət edəcəkdir.
Rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 01.01.2018-ci il tarixinə təsərrüfat başına kitablarda aparılmış dürüstləşmələr və kargüzarıq sahəsində aparılan işlər barədə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanovun, “Əhalinin sağlamlığının qorunmasına dair dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, gənc ana və körpələrin sağlamlığının qorunması istiqamətində tədbirlərin aparılmasının təmin olunması” haqqında Rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın, “Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərancamlarının, Nazirlər Kabinetinin qərarlarının icrası və həmin qanunvericilik aktlarının həyata keçirilməsi sahəsində görülən işlər” barədə Hüquq şöbəsinin müdiri Müşfiq Hüseynovun məruzəsi dinlənildi.
Məsələlər ətrafında geniş müzakirələr aparıldı. Həmçinin aidiyyatı təşkilat rəhbərlərinin arayışı dinlənildi. Şura iclası işgüzar şəraitdə keçdi.