Dam örtüyündə yanğın baş vermiş yaşayış binasında işlər yekunlaşır
25 fevral 2018-ci il tarixdə axşam saatlarında Ağstafa şəhəri Üzeyir Hacıbəyov küçəsi 28 ünvanında yerləşən 16 ailəlik iki mərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində dam örtüyünün 200 kvadrat metrədək sahəsi yararsız hala düşmüşdür. Yanğın zamanı binanın sakinləri dərhal təxliyə edilmişdir. Yanğınsöndürənlərin həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində yanğının mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə tamamilə söndürülmüşdür. Binaya dəyən zərər müvafiq qaydalara uyğun olaraq araşdırılmış və hazırda bu istiqamətdə həyata keçirilən təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə binaya baxış keçirdi və orada yaşayan sakinlərlə görüşdü. Sakinlərə bildirildi ki, qısa müddət ərzində yanğın nəticəsində binaya dəymiş ziyan tam olaraq aradan qaldırılacaq və bu cür hadisənin təkrar baş verməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülür. Binanın sakinləri öz mənzillərində əvvəlkindən də rahat və təhlükəsiz yaşamağa davam edəcəklər. Sakinlər onlara göstərilən yüksək diqqətə görə dərin minnətdarlıqlarını ifadə etdilər.