95 yaşlı Sosialist Əməyi Qəhrəmanı Yasəmən ananın evində görüş
8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini Sosialist Əməyi Qəhrəmanı 95 yaşlı Yasəmən Niftalı qızı Məmmədova ilə yaşadığı evdə görüş keçirilmişdir. Görüşdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Yasəmən ananın ailə üzvləri, yaxınları iştirak etmişdir. Çay süfrəsi ətrafında keçən səmimi görüşdə xoş xatirələrini bölüşən Sosialist Əməyi Qəhrəmanı, özünün və ailə üzvlərinin adından ölkəmizin günü-gündən çiçəklənməsinə görə, sabit və əmin-amanlığına görə, eləcə də hər zaman ona verilən yüksək dəyərə görə Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. İcra başçısı Yasəmən xanıma 8 Mart münasibəti ilə bayram hədiyyələrini təqdim edərək bütün rayon ictimaiyyəti adından ona, möhkəm can sağlığı arzu etdi. Sonda xatirə şəkilləri çəkdirildi.