Ağstafada kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Yarmarkalar Ağstafa şəhərində rayon dəmiryol vağzalının qarşısındakı geniş meydanda keçirilir. Bu gün keçirilən növbəti yarmarkada da alıcılara təklif olunan məhsullar bazar qiymətlərindən aşağı idi. Novruz bayramı ərəfəsində təşkil olunan bu cür tədbiri rayon sakinləri olduqca yüksək qiymətləndirir, həm məhsulların keyfiyyətindən və həm də bazar qiymətlərindən məmnunluqlarını ifadə edirlər. Eyni zamanda yarmarkalarda satıcı qismində iştirak edən yerli fermerlər və sahibkarlarda münasib qiymətlər müqabilində yüksək alıcılıq qabiliyyətindən razılıqlarını bildirirlər. Bu cür yarmarkaların keçirilməsi həmçinin süni qiymət artımın və digər neqativ halların qarşısını alır.
Növbəti satış yarmarkası sabah 11 mart 2018-ci il tarixdə keçiriləcəkdir.