Ağstafalı məktəblilər Qəbələ, Şəki və Zaqatala rayonlarından xoş təsuratlarla geri dönüblər
26 mart tarixində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində xüsusi avtobusla Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşən Ağstafalı məktəblilər səyahətlərini uğurla başa vurublar. Belə ki, 29 mart tarixində beş bələdçi-müəllim və qırx nəfər IX-XI sinif şagirdlərindən ibarət iştirakçı heyət Ağstafa şəhər Mərkəzi stadionun qarşısında rayon İcra hakimiyyəti və Təhsil şöbəsinin məsul işçiləri tərəfindən qarşılanıbdır. Xoş təsuratlarını bölüşən məktəblilər bildiriblər ki, bu tur-aksiya sayəsində Azərbaycanın şimal-qərb bölgəsinin qədim tarixi məkanları, təbiət gözəllikləri ilə yaxından tanış olublar. Layihənin təşkilatçılarına minnətdarlıqlarını bildirərək tur-aksiyaların davamlı olmasını arzu ediblər.
Dörd günlük səfər çərçivəsində tur-aksiya iştirakçıları müasir turizm infrastrukturuna malik Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkiblər. Məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə də tanış olublar. Zaqatalada şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olub, Tarix-Mədəniyyət Qoruğuna baş çəkib, Dədə Qorqud Meydanını gəziblər.