Ağstafa rayonunda birinci rübün yekunları müzakirə olunub
Bu gün Ağstafa rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. Ağstafa rayon Mədəniyyət Mərkəzində rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli fermerlər, sahibkarlar, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Şura iclasını giri sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı aprelin 9-da Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrdən danışıb. Ağstafada cari ilin üçü ayı ərzində görülmüş işləri və qarşıda duran mühüm vəzifələri önə çəkib. Qeyd olundu ki, İlin birinci rübünün yekunları, sosial-iqtisadi göstəriciləri 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağından xəbər verir. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir ki, qeyri-neft sektorumuz təxminən 3 faiz artmışdır. Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Kənd təsərrüfatında 4,2 faiz artım olmuşdur. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir.
Sonra RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, 2018-ci ilin 3 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1.0 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 6.8 faiz artmış, nəqliyyat xidmətində 5.7 faiz, rabitə xidmətində 0.9 faiz, ticarət sahəsində 6.3 faiz artım olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2.6 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 244.90 manata çatdırılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.6 milyon manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 4 layihə üzrə 33.7 min manat güzəştli kreditlər verilmişdir. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 1milyon 66 min manat və 98.0 min ABŞ dolları həcmində olmuşdur, bütövlükdə rayon əhalisinin əmanətlərinin həcmi 1 milyon 233 min manat civarındadır, əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artmışdır. Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 460.1 min manat və ya 6.8 faiz artmışdır. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur.
Gündəlikdə duran məsələ ətrafında geniş müzakirələr aparıldı, aidiyyatı üzrə təşkilat rəhbərlərinin arayışları dinlənildi. İclas işgüzar şəraitdə keçdi.