Kolxəlfəli kəndində növbəti səyyar görüş
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev növbəti səyyar görüşünü rayonun Kolxəlfəli kəndində keçirdi. Görüşdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan İcra başçısı bildirdi ki, ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq keçirilən vətəndaşların səyyar qəbullarının əsas məqsədi yerlərdə narahatçılıq doğuran məsələlərin dərindən öyrənilməsi və operativ qaydada həll olunmasından ibarətdir. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, beynəlxalq arenadakı yüksək imicindən, mövcud siyasi sabitliyindən, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları əsasında Ağstafa rayonunda görülən işlərdən geniş bəhs olundu.
Səyyar qəbulda iştirak edən sakinlər müraciətlərində xüsusi ilə kənddə elektron ATS-in quraşdırılması, körpələr evi-uşaq bağçasının inşa olunmasını və kəndin müvafiq yerlərində yeni subartezian quyularının qazılması məsələlərini önə çəkdilər. Sakinlərin təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.