Həsənsu kəndində vətəndaşlarla növbəti səyyar görüş
Ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Ağstafa rayonunun yaşayış məntəqələri üzrə rayon İcra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müvafiq qrafikə uyğun olaraq növbəti səyyar görüşünü rayonun Həsənsu kəndində keçirib. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Görüşdə İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, hərbi qüdrətindən geniş söz açıb. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən rayonda görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verdi. Sonra səyyar görüşdə sakinlərin təklif və müraciətləri qəbul olunub. Kənd sakini, təqaüdçü Abbasov Rəşid Yadulla oğlu kəndin içməli su təlabatında əsas rol oynayan kəhriz quyularının təmir olunması məsələsini ön plana çəkib. Vətəndaşa bildirilib ki, bu məsələ rayon rəhbərliyinin nəzrətinə götürülüb və bununla bağlı aidiyyatı üzrə rəsmi müraciət olunubdur. Məsələnin yaxın zamanda həllini tapması istiqamətində lazımi tədbirlər görülür. Sakinlər öz müraciətlərində kənddə yeni məktəb və uşaq bağçası binalarının inşasını xüsusi ilə vurğulayıblar. İzah olunub ki, rayonun sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq orta məktəb və körpələr evi-uşaq bağçalarının inşası və əsaslı yenidən qurulması istiqamətində işlər sürətlə davam edir. Kənd uşaq bağçası üçün yeni inzibati binanın tikintisi nəzərdə tutulub. Dam örtüyü yenidən qurulmuş, müasir qapı və pəncərələr quraşdırılmış, eləcə də zəruri təmir-bərpa işləri aparılmış kəndin tam orta məktəb binasının cari vəziyyəti isə qənaətbəxş hesab edildiyindən məsələyə gələcəkdə yenidən baxılacaqdır.
İcra başçısı qaldırılan bütün məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verib.