Təmir-tikinti işləri aparılan Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasına baxış keçirilib
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafa rayonunda bütün sahələr kimi elm və təhsilin inkişafına, ümumi təhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilir. O, cümlədən rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının cari vəziyyətləri müvafiq qaydalara uyğun olaraq təhlil edilərək dəqiqliklə araşdırılır. Çıxarılmış nəticələrə əsasən qəzalı vəziyyətdə olanları üçün yeni binalar tikilir, əsaslı təmir tələb olunanlar yenidən qurulur, cari təmirə ehtiyacı olanlarda isə təmir-bərpa işləri həyata keçirilir.
Hazırda təmir-bərpa işləri aparılan məktəbəqədər təhsil müəssisələrindən biri də 1980-ci ildən fəaliyyət göstərən Ağstafa şəhəri 2 saylı körpələr evi-uşaq bağçasıdır. 4 qrupdan ibarət uşaq bağçasının fəaliyyətinin dayandırmamağı üçün korpuslar növbə ilə təmir olunur. Ağstafa rayon İcra hakimiyyəti başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə 2 saylı körpələr evi-uşaq bağçasında aparılan təmir-tikinti işləri ilə yaxından tanış olub. İşlərin aparılmasına məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Təmir işləri çərçivəsində binanın dam örtüyü, otaqların tavanları yenidən qurulmuş, yeni sanitar qovşaqlar inşa olunmuş, kanalizasiya xətləri yenilənmiş , müasir standartlara uyğun yeni istilik sistemi qurulmuş, qapı və pəncərələr yenisi ilə əvəz olunmuş, həyətdə geniş istirahət guşəsi inşa olunmuşdur. Həmçinin mətbəx , yemək və tibb otaqları əsaslı təmir olunacaqdır. Həyətə brusçatka tipli dekorativ daşlar düzüləcəkdir. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.