Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi Ağstafa rayonunda qeyd olundu

26 iyun 2018 | 11:00

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ili tamam olur. Bu münasibətlə ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər keçirilib. Ağstafa rayonunun ərazisində yerləşən hərbi hissələrdə rayon rəhbərliyinin iştirakı ilə bayram tədbirləri keçirilib. Hərbi hissələrə bayram sovqatları paylanıb və rayonun mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramları təqdim olunub. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüququ-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə Qırılı kəndi ərazisində “N” saylı hərbi hissədə geniş tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi hissə komandiri tribunadan Azərbaycanın Respublikasının  Müdafiə Naziri general-polkovnik  Zakir Həsənovun  Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanlandığı  təbrik məktubunu oxuyub. Ağstafa rayon İcra hakimiyyətinin başçısı öz çıxışında bu tarixi gün münasibəti ilə bütün hərbçilərimizi təbrik edib. Azərbaycanın ordu quruculuğundan, hərbi qüdrətindən geniş söz açıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda silahlı qüvvələrimizin yaranması günü Xankəndində, Şuşada, Laçında və digər işğal altında olan torpaqlarımızda qeyd olunacaqdır. Tədbirdə hərbi hissənin bir qrup zabit, gizir, çavuş və əsgərləri, eləcə də mülki işçiləri müvafiq diplomlarla təltif olundular. Bayram tədbiri konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər