Ağstafalı yeniyetmə və gənclər yay aylarında asudə vaxtlarını səmərəli keçirirlər
Ağstafada yay aylarında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon İcra hakimiyyətinin təşəbbüsü ilə müvafiq tədbirlər keçirilir. Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Yay kinoteatrında musiqili-əyləncəli proqramlar təşkil olunur, açıq hava şəraitində müxtəlif növ idman yarışları keçirilir, rayon Gənclər Mərkəzinin kino zalında bədii filmlər nümayiş etdirilir. 29 iyulda Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında idmanın karate-do əlbəyağa döyüş növü üzrə 8-9,10-11,12-13 yaşlı yeniyetmələr arasında ənənəvi “Ağstafa Kuboku" yarışı keçirildi. Yarış parkda istirahət edən sakinlərin də böyük marağına səbəb olmuşdur. Turnirdə Ağstafa idmançıları ilə yanaşı Qazax rayonundan dəvət almış karateçilər də iştirak etmişlər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qaliblər müvafiq kubok və diplomlarla təltif olunmuşlar.