Ağstafa şəhərində yerləşən “Akkord Tekstil” tikiş fabriki əsaslı şəkildə yenidən qurulur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq təsis edilmiş “Akkord Tekstil” məhdud məsuliyyətli cəmiyyəti ölkəmizdə geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisələrdən birirdir. Müəssisənin bölgələrimizdə fəaliyyət göstərən fabriklərindən biri də məhz Ağstafa şəhərində yerləşir. Belə ki, möhtərəm Prezidentimiz 24 sentyabr 2008-ci il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində “Akkord Tekstil” fabrikinin açılışını etmişdir. Artıq 10 ildir fəaliyyət göstərən müəssisə topladığı yüksək təcrübə və səmərəli fəaliyyəti nəticəsində əldə etdiyi uğurlar nəticəsində öz əməkdaşlıq çevrəsini xarici ölkələrə doğru genişləndirməkdədir. Belə ki, “Akkord Tekstil” MMC-nin Ağstafa şəhərində yerləşən tikiş fabrikində “Akkord Tekstil” MMC ilə “DEHA Üretim Pazarlama ve İhracat Ltd” Türkiyə şirkətinin birgə fəaliyyəti nəticəsində avropa standartlarına uyğun köynək istehsal edən yeni tikiş xəttinin quraşdırılma işləri başa çatdırılmışdır. Müasir tələblərə cavab verən avadanlıqların quraşdırılmasında Türkiyənin «Astaş» şirkətinin mütəxəssisləri iştirak etmişlər. Yeni tikiş xəttinin istifadəyə verilməsi nəticəsində bir ayda 15 000 ədəd köynəyin istehsal edilməsi mümkün olmuşdur. Burada istehsal edilən köynəklər “Made in Azerbaijan” brendi altında “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və s. Dünyaca məşhur ticarət markaları ilə yerli və xarici bazarlara təqdim edilir.
Hazırda tekstil müəssisəsinin yenidənqurma işləri sürətlə davam etdirilir. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.