Cəbhə bölgəsində yerləşən Tatlı kənd sakinləri ilə növbəti görüş
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən Tatlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdi. Görüşdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarını rəhbərləri, eləcə də kənd sakinləri iştirak edirdilər. Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı dövlətimizin cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə və orada yaşayan əhaliyə göstərdiyi yüksək diqqət və qayğıdan geniş söz açdı. Qeyd olundu ki, Ağstafanın cəbhə bölgəsində yerləşən kəndlərinə gedən avtomobil yolunun tamamilə yenidən qurulması və yeni körpülərin salınması, ən müasir tələblərə cavab verən yeni tam orta məktəb binalarının, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi, fasiləsiz elektrik enerjisi, təbii qaz verilişi ilə təminat deyilənlərin bariz nümunəsidir. İcra başçısı ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, sürətli-sosial inkişafından da ətraflı bəhs etdi.
Rayon İcra hakimiyyətinin başçısı səyyar görüşdə iştirak edən sakinlərin müraciət və təkliflərini qəbul etdi. Sakinlər suvarma arxlarının betonlanması, kəndin girişində bir ədəd subartezian quyusunun qazılması, təhlükə yaradan iri qovaq ağaclarının kəsilməsi, yeni körpələr evi-uşaq bağçasının tikilməsi kimi məsələləri diqqətə çatdırdılar. İcra başçısı qaldırılan bu və digər məsələləri nəzarətinə götürdü, eləcə də onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verdi.