Poylu qəsəbəsindəki çoxmənzilli yaşayış binalarında təmir-bərpa işləri həyata keçirilir
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirləri çərçivəsində, həmçinin rayondakı çoxmənzilli yaşayış binalarında da yenidənqurma, təmir-bərpa işləri həyata keçirilir. Hazırda Poylu qəsəbəsində yerləşən üç ədəd iki mərtəbəli kommunal yaşayış binalarında təmir-bərpa işləri sürətlə davam etdirilir. Ümumilikdə iyirmi dörd ailənin yaşadığı binaların dam örtükləri müasir tələblərə uyğun tamamilə yenidən qurulur, binaların fasadlarının suvaq qatları dəyişdirilərək rənglənir, yeni plastik pəncərə və blok qapıları quraşdırılır, kommunikasiya xətləri səliqəyə salınır.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə, binalarda aparılan işlərlə yerində tanış olaraq müvafiq tapşırıqlarını verib. Binada yaşayan sakinlərlə görüşən rayon rəhbəri qeyd edib ki, görülən bütün bu işlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir. Öz növbəsində sakinlər də onların rahat və qayğısız yaşaması üçün yaradılan yüksək şərait üçün dövlətimizə dərin minnətdarlıqlarını ifadə ediblər.
İşlərin yaxın zamanda yekunlaşması nəzərdə tutulur.