Ağstafa rayonunun məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti diqqət mərkəzindədir
Respublikamızın bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da elm və təhsilin inkişafına dövlət qayğısı günü-gündən artırılır, ümumi təhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Ağstafada fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının cari vəziyyətləri, oradakı mövcud şərait xüsusi komissiya tərəfindən təhlil edilərək dəqiqliklə araşdırılır. Beləliklə qəzalı vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələri üçün yeni binalar tikilir, əsaslı təmir tələb olunanlar yenidən qurulur, cari təmirə ehtiyacı olan binalarda isə təmir-bərpa işləri həyata keçirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində təmir-bərpa işləri aparılan məktəbəqədər təhsil müəssisələrindən biri Ağstafa şəhəri 2 saylı körpələr evi-uşaq bağçasıdır. 4 qrupdan ibarət uşaq bağçasının fəaliyyətinin dayandırmamaq məqsədi ilə korpuslar növbə ilə təmir olunmuşdur.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə sözü gədən məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olub. İşlərin aparılmasına məsul şəxslərə əlavə tapşırıq və tövsiyələrini verib. Təmir işləri çərçivəsində binanın dam örtüyü tamamilə yenidən qurulub, otaqların tavanları və döşəməli yenilənib, yeni sanitar qovşaqlar tikilib, kanalizasiya xətləri yenilənib, yeni mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, qapı və pəncərələr yenisi ilə əvəz olunub, həyətində abadlıq işləri aparılıb.