Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağstafanın üzüm bağlarında məhsuldarlıq ötən illə müqayisədə 15-20 faiz çox olacaq

25 sentyabr 2018 | 11:00

Üzümçülük Ağstafa üçün ənənəvi təsərrüfat sahələrindən olsa da, respublikamızın müstəqilliyinin ilk illərində bu sahəyə lazımi diqqət göstərilmədiyindən rayonun iqtisadiyyatında yerini tədricən itirməyə başlamışdı. Bu gün isə dövlət başçısı tərəfindən qeyri-neft sektorunun inkişafı ilə əlaqədar kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən üzümçülüyə göstərilən diqqət və qayğı, qəbul olunmuş müvafiq Dövlət proqramları ənənəvi üzümçülük rayonları kimi Ağstafada da əvvəlki üzüm bağlarını bərpa etməyi, yaxud yeni bağlar salmağı zərurətə çevirib. Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonda 476 hektar üzüm bağı var. Bunlardan 425 hektarı bar verən, 51 hektarı isə yeni salınan bağlardır. Ötən il rayon üzrə məhsuldarlıq 28 min 280 sentner olub. Bu ilin məhsulu üçün artıq 20 gündən çoxdur ki, sahələrdə üzüm yığımına başlanılıb. Bu vaxta qədər bağlardan 20 min 400 sentner məhsul yığılıb və satışa göndərilib. İlkin nəticələr onu göstərir ki, bu il məhsuldarlıq keçən illə müqayisədə 15-20 faiz çox olacaq. Qeyd edilib ki, dövlətin aqrar sahəyə ayırdığı güzəştli kredit, gübrələrin 70 faiz güzəştlə verilməsi, eləcə hər hektar üçün subsidiyaların tətbiq edilməsi fermerləri yeni üzüm bağlarının salınmasına həvəsləndirib. Ağstafa rayonunun ən çox üzüm sahəsi olan yaşayış məntəqələrində - Həsənsuda 131 hektar, Vurğun qəsəbəsində 122 hektar, Pirlidə isə 86 hektar üzüm bağı salınıb.

Keçidlər