“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda növbəti konfrans Ağstafada keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda geniş konfrans keçirilib. Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan konfransda Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, nazirliyin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə konfrans iştirakçıları Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Mərkəzində tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, məhz müasir Azərbaycanın qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü Gənclər siyasətinin məntiqi nəticəsidir ki, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal qurucularına çevrilmişlər. Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək, dövlətçiliyimizin gələcəyinin etibarlı təminatının sağlam gənclik yetişdirməkdən asılı olduğunu deyib. Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli birlik yaratdığını söyləyən nazir müavini ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərdə gənclərin rolundan danışıb. O, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğulayıb. Konfransda iştirak edən digər məsul şəxslər də mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Rayonun bir sıra fəal gəncləri Elvin İmaməliyev, Könül Nəsirova, Pərvin Qocazadə, Ləman Cəlilova, Azər Hüseynov və digərləri müvafiq təkliflərlə çıxış edərək ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da gənclərin sağlam inkişafı üçün yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Konfrans işgüzar şəraitdə keçib.