Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın içməli su problemi həll edilir

04 oktyabr 2018 | 11:00

Ağstafada əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının yaxşılaşdırılmasına dair bir sıra layihələr uğurla icra olunur. Belə ki, bu yaxınlarda rayon mərkəzini içməli su ilə təchiz edən Həsənsu kəndi və Vurğun qəsəbəsi ərazilərində 6 ədəd subartezian quyusunun istifadəyə verilməsi bu sahədə olan çətinlikləri qismən aradan qaldırıb.  Bundan başqa, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Ağstafa rayonunda əhalinin daha təmiz və ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması məqsədilə Vurğun qəsəbəsi ərazisində ən müasir təmizləyici qurğu kompleksinin inşası da bu istiqamətdə başlanan işlərin davamıdır. Burada bir su anbarı, bir nasosxana binasının tikintisi başa çatdırılmışdır. Hazırda su təmizləyici qurğunun quraşdırılması və idarəetmə binalarında mantaj işləri davam etdirilir.  Rayon sakinlərinin ekoloji təmiz su ilə təminatında mühüm əhəmiyyət daşıyacaq təmizləyici qurğuda görülən işlərə rayon rəhbərliyi tərəfindən ciddi nəzarət edilir. Artıq suyun kimyəvi və baktereoloji tərkibinin yoxlanılması üçün laboratoriyada, şəhər ərazisinə suyun təzyiqlə ötürülməsi üçün nasosxanada, həmçinin su anbarlarında və suyun verilməsinin mərkəzdən idarə olunması üçün "Skada” qurğusunun quraşdırılmasında işlər başa çatdırılmışdır. Ağstafa rayonu üçün həyati əhəmiyyət daşıyan təmizləyici qurğunun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

S.ƏLİYEV,

"Azərbaycan”

Keçidlər