Məhərrəm Quliyev: müəllim əməyinə ən yüksək qiyməti Ulu Öndərimiz verib...
Ağstafadakı “Yazıçılar Evi”ndə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Mavi işıq” gecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik etmişdir. Rayon rəhbəri demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müəllim əməyinə həmişə yüksək qiymət vermişdir. O demişdir ki, “hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”.
İcra hakimiyyətinin başçısı demişdir ki, bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək, artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı nəticəsində orta məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Ağstafa rayonunda da yeni məktəblərin tikintisi, əsaslı təmiri, inventar və avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər görülmüşdür. Son illərdə rayonda 10 yeni məktəb binası, o cümlədən rayonun ən ucqar, o cümlədən Ermənistanla həmsərhəd kəndi olan Köhnəqışlaqda yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Ağstafa şəhər 3 saylı tam orta məktəb əsaslı təmir olunmuşdur. Hazırda Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının tikintisinə başlanılmış və Həzi Aslanov qəsəbəsində modul tipli məktəbin quraşdırılması başa çatmaq üzrədir.
Tədbirdə təhsildə fərqləndiyinə görə bir qrup təhsil işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilmişdir.
Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, Əməkdar Müəllim İndira Səmədova, rayon ağsaqqalları Misir Həsənov, Məmməd Məmmədov və başqaları çıxış edərək şərəfli peşə sahiblərini bayram münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, birinci vitse- Prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbir konsert proqramı ilə davam etmişdir
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri