Yenidənqurma işləri aparılan Ağstafa şəhəri 2 saylı körpələr evi uşaq bağçasında işlər tamamlanmaq üzrədir
Ölkə təhsilinin sistemli şəkildə inkişafı dövlətimizin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biridir. Ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da elm və təhsilin inkişafına dövlət qayğısı günü-gündən artırılır, ümumi təhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Ağstafada fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının cari vəziyyətləri, oradakı mövcud şərait xüsusi komissiya tərəfindən təhlil edilərək dəqiqliklə araşdırılır. Beləliklə qəzalı vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələri üçün yeni binalar tikilir, əsaslı təmir tələb olunanlar yenidən qurulur, cari təmirə ehtiyacı olan binalarda isə təmir-bərpa işləri həyata keçirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində yenidənqurma işləri aparılan məktəbəqədər təhsil müəssisələrindən biri də Ağstafa şəhəri 2 saylı körpələr evi-uşaq bağçasıdır.
4 qrupdan ibarət uşaq bağçasının fəaliyyətinin dayandırmamaq məqsədi ilə korpuslar növbə ilə təmir olunmuşdur.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə sözü gədən məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olub. Bağçanın müəllim və tərbiyəçiləri ilə görüşərək onların əlavə istək və təkliflərini öyrənib. İşlərin aparılmasına məsul şəxslərə müvafiq tapşırıqlarını verib.
Yenidənqurma işləri çərçivəsində binanın dam örtüyü, qapı və pəncərələri yenidən qurulub, otaqların divar qatları, tavanları və döşəmələri yenilənib, yeni sanitar qovşaqlar tikilib, kanalizasiya xətləri yenidən qurulub, müasir tipli yeni mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, həyətyanı sahəyə brusçatka tipli dekorativ daş döşənibdir.