Ağstafada çoxmənzilli yaşayış binalarının təmir-bərpası tədbirləri uğurla icra olunur
Ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin miqyası ildən-ilə daha da genişlənməkdədir. Bu istiqamətdə görülən işlər çərçivəsində həmçinin rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında da lazımi təmir-bərpa, abadıq və quruculuq işləri həyata keçirilir, orada yaşayan sakinlərin kommunal şəraitlərinin yaxşılaşdırılması üçün zəruri addımlar atılır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Ağstafa şəhəri R.Alıcanov küçəsi -7 ünvanında yerləşən 16 ailəlik çoxmənzilli kommunal yaşayış binasına baxış keçirərək bina sakinlərini narahat edən problemləri öz dillərindən öyrənib. Sakinlər binanın həyətinin abadlaşdırılması, işıqlandırılması, xüsusi ilə payız və qış aylarında yağış sularının mənzillərə verə biləcək ziyanın qarşısının alınmasına ehtiyac olduğunu vurğulayıblar. Sakinlərə bildirilib ki, planlı qaydada Ağstafa rayonunun mərkəzində, eləcə də qəsəbə və kəndlərində təmir-bərpa, yenidənqurma işləri aparılan digər yaşayış binaları kimi sözü gedən binada da zəruri olan bütün işlər həyata keçiriləcəkdir.