Şriftin ölçüsü :

Saytın rəngi :

18 okyabr Dövlət Müstəqilliyinin bərpasının ildönümü Heydər Əliyev Mərkəzində qeyd olundu

19 oktyabr 2018 | 11:00

Tədbiri giriş sözü ilə başçının müavini-İctimai-siyasi  və  humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq bildirdi ki, 1991-ci ildə uzun sürən müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.  Lakin müstəqilliyini qazandıqdan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin və onlara dəstək verənlərin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Belə bir məqamda xalq öz böyüklüyünü göstərib qətiyyətlə ayağa qalxaraq öz böyük oğlu Heydər Əliyevi vətənə çağırdı. Tarixin çətin sınağında doğru qərar vermək bacarığını növbəti dəfə göstərən xalqımız ulu öndər Heydər Əliyevə güvənərək öz taleyini müəyyən etmək kimi olduqca çətin bir işi ona tapşırdı. Ümummilli Lider 1993-cü ilin 9 iyununda Bakıya qayıtdı: bu tarixi indi xalqımız qayıdış günü kimi qeyd edir, 15 iyunda isə Milli Məclisə sədr seçilərək tarixə qurtuluş səhifəsini öz əbədi möhürü ilə vurdu. Bununla da böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin sayəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənməyə başladı. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam edən siyasət nəticəsində inkişaf edir. Daha sonra Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi  Aygün Babayeva, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseyinov və  Qırılı kənd tam orta məktəbinin müəllimi Elvin İmaməliyev çıxış edərək dövlət müstəqilliyinin tarixi əhəmiyyətindən  və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən geniş söhbət açdılar.

Keçidlər