Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. İftixar Alməmmədov Dağ Kəsəmən kəndinin giriş hissəsindəki arkanın üzərində göstərici nişanların qoyulmasına ehtiyac olduğunu qeyd etdi.
2. Xeyransa Bayramova Dağ Kəsəmən kəndinin içməli su təminatının yaxşılaşdırılmasının vacibliyindən danışdı.
3. Səidə Yüzbaşova kəndin girişindəki şamlıq bağının ətrafının məhəcərə alınmasını təklif etdi.
4. Elbrus Mustafayev “Şəms” restoranının qarşısındakı lövhələrin dəyişdirilməsi və qarşı hissəsinin səliqəyə salınmasına ehtiyac olduğunu vurğuladı.
5. Mehman Salahov kəndin giriş hissəsindən sonunadək bardürün qoyulmasını təklif etdi.
6. Tərlan Kərimova kəndin mərkəzi hissəsində 2 ədəd avtobus dayanacağının təmirə ehtiyac olmasını qeyd etdi.
7. Rəfail Quşçuyev asfalt örtüyündəki çalaların təmir edilməsini və kəndin giriş hissəsində yol nişanlarının qoyulmasını xahiş etdi.
8. Reyhan Mehdiyeva kəndin mərkəzi yolunun sağ və sol hissəsindəki divarların təmir edilməsi və boyanmasını təklif etdi.
9. Ariz Bayramov mərkəzi küçədə işiqlanma sisteminin və işıq xəttinin təmiri, 1 ədəd elektrik transformatorunun taxta ilə üzlənməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Tural Həsənov ərazidə olan 3 ədəd su çənlərinin boyanmasını təklif etdi.
11. Bağdanaz Zeynalova (şəhid anası) Şəhidin adına olan bulağa suyun verilməsini xahiş etdi.
12. Sənani Qədiməliyev səkiyə asfalt örtüyünyn salınması və maneə törədən ağacların budaqlarının budanması haqqında danışdı.
13. Valeh Qəfərov kənddə olan yarımçıq tikililərin inşasının başa çatdırılmasını təklif etdi.
14. Oruc Eyyubov maddi yardım oluhmasına köməklik edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Dağ Kəsəmən kəndinin dağlardan gələn sel sularından mühafizəsi məqsədi ilə 2013-cü ildə təhlükəsizlik tədbirlərinin görülməsi üçün layihə işlərinin hazırlanması və tilinti işlərinə başlanılması ilə əlaqədar Azərbaycan Respublikası Meliorasiya və Su Tikinti Açıq Səhmdar Cəmiyyətinə investisiya qoyuluşu ayrılmışdır. Hazırda kəndin mərkəzi küçəsində abadlıq və quruculuq işlərinə başlanılıb.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.