Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Cənab Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbul-görüşlərini davam etdirir. Növbəti səyyar görüş Aşağı Göycəli kənd sakinləri ilə keçirilib. Görüşdə Prezident Administirasiyasının məsul şəxsi Orxan Mürsəlov, İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri eləcə də kənd sakinləri iştirak ediblər. Səyyar görüşü giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, ictimai-siyasi sabitliyindən söz açaraq qeyd edib ki, respublikamızın yaşayış məntəqələrində gedən dinamik inkişaf dövlətimizin qüdrətinin bariz nümunəsidir. Aşağı Göycəli kəndində görülən işlər də bu deyilənləri bir daha təsdiq edir. Belə ki, Ağstafa rayonunun Aşağı Göycəli kəndi mavi qazla təchizatı yüz faizə çatdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunur, bu kəndi də əhatə edən və əsaslı şəkildə yenidən qurulan avtomobil yolunu və görülən digər işləri misal çəkə bilərik. Qeyd olundu ki, cari ildə Aşağı Göycəli kəndində tibb məntəqəsində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur.
Sonda cənab Məhərrəm Quliyev görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.