“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının yolasalma mərasimi keçirildi
14 noyabr 2018-ci il tarixdə Heydər Əliyev mərkəzində Ağstafa rayon İcra hakimiyyətinin, Təhsil şöbəsinin işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun təhsildə fərqlənən bir qrup məktəbli uşaqların “Lənkəran-Masallı-Astara” rayonlarına təntənəli yola salma mərasimi keçirildi.
Ağstafa rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər X-XI sinif şagirdi və onları müşayiət edən 5 bələdçi-müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq “Lənkəran-Masallı-Astara” şəhərlərinə səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Mərasim iştirakçıları öncə Heydər Əliyev mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.
Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova tur-aksiya iştirakçılarını salamlayaraq 09 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik etdi. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verdi. Məktəblilərə tövsiyələrini bildirdi və yaxşı yol arzuladı. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığını ifadə etdi.