Ağstafalı məktəblilərin Lənkəran-Masallı-Astara şəhərləri ilə tanışlığı
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan Ağstafalı məktəblilər bu gün Lənkəran rayonuna səyahət ediblər. Lənkəranın mərkəzi meydanında qarşılanan tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər barədə, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında ətraflı məlumatlar verilib.
Lənkəran şəhəri ilə tanışlıq Bayraq Meydanından başlayıb. "Qoşa Qala" qapıları və Lənkəranın simvollarından biri olan "Samovar"la tanışlıqdan sonra, Hirkan Milli Parkına , Dairəvi qalaya, Mayak binasına ekskursiya edən uşaqlara maraqlı məlumatlar verilib. Çay plantasiyaları və sitrus meyvə bağları ilə tanışlıq da uşaqlarda geniş təəssüratlar yaradıb. Sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə qəhrəmanımızın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Günün ikinci yarısı məktəblilər Masallı rayonuna səfərləri zamanı Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, “ASAN həyat” kompleksində, Viləşçay su anbarında və Masallı Sənaye Məhəlləsində olublar.
Sonda Tur-aksiya iştirakçıları Astara rayonunda yerləşən Heydər Əliyev Mərkəzində, “Gənclər evi”ndə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, “Yanar Bulaq”da və “Astaraçay” MMC-nin çay fabriki ilə yaxından tanış olublar.