Ağstafalı tələbələr Bilik Fondunun qonağı olublar
Milli Dirçəliş Günü münasibəti ilə Ağstafa Regional Bilik Evinin təşəbbüsü ilə respublikanın müxtəlif təhsil ocaqlarında təhsil alan bir qrup ağstafalı tələbə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Gəncləri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və fondun əməkdaşları səmimi qəbul etdilər. Dəyirmi masa ətrafında icraçı direktor qeyd etdi ki, 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Həmçinin qeyd olundu ki, mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilmiş və bununla da ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulmuşdur. Tələbələr Milli Dirçəliş Günü və Beynəlxalq Tələbələr Günü ilə əlaqədar Bilik Fondunun layihə və tədbirlərinin iştirakçısı olduqlarını bildirdilər.