Ağstafada Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illik yubileyi münasibətilə tədbir keçirilib
Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı il dönümü münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə partiya fəalları, şura üzvləri, gənclər təşkilatı və qadınlar şurası, idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, idarə-müəssisə rəhbərləri, mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədr müavini Lalə Eyyubova Yeni Azərbaycan Partiyasının 26 illiyi münasibətilə partiyanın sədri cənab İlham Əliyev başda olmaqla bütün partiya üzvlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.
Sonra Ağstafa rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov tədbirdə çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyevin siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.
Sonda YAP Ağstafa rayon təşkilatının Qadınlar Şurasının sədri Şəhanə Osmanova, Gənclər Birliyinin sədri Elvin İmaməliyev, müəllimə Xəyalə Rüstəmova, veteran partiya üzvlərindən Səlim Müslümov, Əli Əliyev, Yaqub İsmayılov, Sahib Salıfov və başqaları çıxış edərək partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında danışıblar.