Ağstafa “qış yarmarkası”na hazırlaşır
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar olaraq 24 - 31 dekabr 2018-ci il tarixlərində Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Aqrar Sənaye kompleksinin təçkilatçılığı ilə Ağstafa rayon sakinləri üçün möhtəşəm “ Qış yarmarkası” keçiriləcək. Yarmarkaya 24 dekabr tarixində konsert proqramı ilə start veriləcək.
Səhnədə tanınmış incəsənət nümayəndələri – Gülyaz və Gülyanaq, Damla, Namiq Qaraçuxurlu, Sevil-Sevinc bacıları, Maestro Ceyhun, AASK rəqs qrupu, Şeron qrupu, Zakir Əliyev, Samir Cəfərov çıxış edəcəklər. Bundan əlavə 7 gün boyunca axşam saat 17:00 dan - 22:00 dək uşaq və yeniyetmələrin asudə vaxtlarını daha mənalı keçirtmək üçün yeni il proqramları və fast-food tipli xidmətlər göstəriləcək. Yarmarkada həmçinin şəhid ailələrinin övladları, kimsəsiz uşaqlar və imkansız ailələrin övladlarının da iştirakı təmin olunacaq. Hər gün Şaxta baba və Qar qız uşaqlarla rəqs edəcək, əyləncəli oyunlar keçirəcəklər.
Həmin günlərdə fəaliyyət göstərən 20 ədəd köşkdə, uşaqlar üçün yeni il oyuncaqları, suvenirlər, təzə sıxılmış meyvə şirələri , burger və sendiviç , çay və kofe, şirniyyat və ayaq üstü tez hazırlanan yeməklər təklif olunacaq. “Qış Yarmarkası” boyunca hər gün incəsənət nümayəndələrinin çıxışları, milli rəqs qruplarının ifaları, regionun ənənəvi saz ustalarının çıxışları bayram çoşqusunu daha da artıracaq. Möhtəşəm tədbirdə Ağstafa əhalisi ilə yanaşı, eyni zamanda paytaxt və digər bölgə sakinləri, həmçinin turistlərdə iştirak edəcəklər.