Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada məmur adı gələndə “dinləyən”, qayğı göstərən, “kömək edən” yada düşür…

20 dekabr 2018 | 11:00

Məmur adını əvvəllər heç  xoşlamırdım. Bilmirəm, bəlkə də vaxtilə bəziləri bu adı bir qədər bizdən uzaqlaşdırıblar, yadlaşdırıblar nədir, “məmur” deyəndə, ilk növbədə, gözlərim önünə qapısını ehtiyatla döydüyümüz, amiranə səsi ilə “gəl” deyərək əyləşdiyi kürsüdə özünü bir qədər də dartıb “eşidirəm” deyən adam təsəvvür etmişəm. Amma açıb ensiklopediyaya baxın. Məmur dövlət idarələrində çalışan qulluqçuya, dövlət xidmətçisinə deyilir. Rusların təbirincə desək: çinovnik... Görün, Prezidentimiz bu barədə necə gözəl deyib: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq”.
...İşimlə bağlı rayon icra hakimiyyətlərinə tez-tez gedirəm, icra başçıları, onların müavinləri, aparatın digər işçiləri ilə müntəzəm görüşüb söhbət edirəm. Amma məni  “məmur” dediyimiz bu insanların sadə vətəndaşlarla rəftarı, ünsiyyəti, onlara münasibəti daha çox maraqlandırır. Elə ona görə də çox zaman təkid edirəm ki, səyyar görüşlərdə, fərdi qəbullarda iştirak edim, gördüklərimi, müşahidə etdiklərimi, adamların problemlərini, istəklərini, bəzən də maraqlı təkliflərini qələmə ala bilim.
Heç yadımdan çıxmır. Qərb bölgəsi rayonlarının birində səyyar qəbulda iştirak edirdim. Şikayətçi rayon rəhbərini artıq hövsələdən çıxarmışdı. Birdən o, necə qışqırdısa, şikayətçi əlində tutduğu tükləri tökülmüş papağını özü də hiss etmədən ona tərəf tulladı.Bir anlığa ortaya sükut çöksə də başçının özünü saxlaya bilməyib ucadan gülməsi gərginliyi aradan qaldırdı. Rayon rəhbərinin qəbuldan sonra “mən düz eləmədim, gərək dözəydim, o nə qədər haqsız olsa da” deməsi bir daha göstərirdi ki, məmur bütün hallarda xidmətçi olduğunu unutmamalıdır.
Məmur-vətəndaş münasibətlərindən yazmaq bir qədər çətindir. Çünki sənə təqdim olunan arayışlarda bu münasibətlərin normal olduğunu, müxtəlif görüşlərin, tədbirlərin səmərə verdiyini yazacaqlar. Hətta sənin iştirak etdiyin səyyar qəbul – görüşlərdə də bunu əməlli-başlı öyrənə bilməyəcəksən. Əvvəlcədən hazırlanan görüş, təlimat verilmiş vətəndaşlar və sair...
Deməli, bütün hallarda özünün müşahidələrin, vətəndaşların fikirləri, ən başlıcası isə qaldırılan problemlərin, təkliflərin, şikayətlərin (söhbət haqlı şikayətlərdən gedir) həlli ilə bağlı görülən işlərə qiymət vermək lazımdır. Elə, əsl məmur-vətəndaş münasibətlərinə də bu meyarlardan yanaşılmalıdır. Bu mövzu həmişə aktualdır və indi xüsusi əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alıb şəhər və rayonlarda məmur - vətəndaş münasibətlərinin səviyyəsi barədə bir neçə yazı ilə çıxış edəcəyik. İlk belə yazı Ağstafa rayonu haqqındadır.
Hələ tam tanımadığım vaxtlarda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev adama (bu mənim şəxsi qənaətimdir) daha rəsmi, yuxarıda qeyd etdiyim məmur təsiri bağışlayırdı. Lakin onunla yaxından tanış olduqdan, başlıcası isə adamların rayon rəhbərinə münasibətini öyrəndikdən, Ağstafada illərdən qalan problemlərin, necə deyərlər, çözülməsindən sonra fikrim tamamilə dəyişdi...
Rayon icra hakimiyyətinin binasında həmişə qəribə bir sükut olur. Dəhlizlə gedirsən, heç bir otaqdan səs gəlmir. Sanki heç kim yoxdur. Amma ara-sıra çalınan telefon zəngləri eşidərkən, hansısa otaqdan razı halda çıxıb gedən vətəndaş görərkən hiss edirsən ki, burada iş gedir. Sadəcə, nizam-intizam o qədər güclüdür ki, artıq hərəkət, davranışla, səs-küylə rastlaşmaq qeyri-mümkündür. Aparatın hər bir işçisi gün ərzində görəcəyi işi əvvəlcədən bilir. Kor-koranə, əyləşib yalnız başçının tapşırıqlarını gözləmək söhbətləri çoxdan yığışdırılıb. Ortada həmişə planauyğun, məqsədli, günün tələblərinə cavab verən iş var. Tədbirlər yüksək səviyyədə keçirilir. Hər hansı bir tədbirdə və ya toplantıda mikrofonun əcaib səs çıxarması böyük sensassiyaya səbəb ola bilər. İşə, tədbirə, görüşə gecikmək, vətəndaşın müraciətinə vaxtında cavab verməmək, yaxud kobud rəftar etmək kimi məsələlərə olduqca sərt təpki var. Hər halda, rayon icra hakimiyyətrinin bu iş üsulu özünü doğruldur və bütün sahələrə istər-istəməz öz müsbət təsirini göstərir. Təbii ki, bu vəzifəyədək Prezident Administrasiyasında məsul işdə çalışan Məhərrəm Quliyev orada əldə etdiyi təcrübəni, iş üsulunu, ab-havanı burada tətbiq etməyə çalışıb və sevindirici haldır ki, buna nail olub. İlk baxışda bunlar adi bir iş təsiri bağışlaya bilər. Lakin diqqətlə araşdırdıqda, bütün bunlar bilavasitə məmur-vətəndaş münasibətlərinə də təsir edən amillərdəndir.
Məhərrəm Quliyev Ağstafada işlədiyi illər ərzində bəzi məmurlar ətrafında yaranan  «buzu əritməyə» çalışıb. Əvvəla, adamlarla görüşdən heç vaxt çəkinməyib, əksinə, özü onların yanına gedib, dərd-sərləri ilə maraqlanıb. Bir çox məsələləri yerindəcə və ya nəzərdə tutulan vaxtda həll etməsi ona adamlar arasında hörmət qazandırıb.Rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova maraqlı bir epizod danışdı. Dedi ki, hansısa kənddəydik, səyyar qəbul başa çatmışdı, hamımız da yorulmuşduq. Amma gördük ki, Məhərrəm müəllim getmək istəmir, sanki nəsə hiss etmişdi və «ayrı kimin nə sualı var?» deyə təkidlə, dönə-dönə soruşurdu .Birdən ağsaqqal bir kişi çəkinə-çəkinə söz istədi və maraqlıdır ki, çox vacib bir problemə toxundu, onun həllini xahiş etdi. Ertəsi gün aparatdaxili müşavirədə rayon rəhbəri deyirmiş ki,  “çalışın, adamların ürəyini oxuya biləsiniz. Mən o kişinin baxışlarından hiss etmişdim ki, nəsə ciddi bir sözü var, sadəcə, deməyə ürək eləmir”.
Rayonda aparılan islahatlar Ağstafanı tanınmaz dərəcədə dəyişdirib. Sosial məsələlərin böyük əksəriyyəti həll olunub. Daha əvvəlki kimi qaz, işıq problemləri yoxdur. Ağstafada elə asfalt yollar çəkilib ki, hamı həsəd apara bilər. Evlər, müxtəlif ictimai binalar öz görkəmini dəyişir. Amma dəyişən təkcə bunlar deyil axı. Dəyişən insanlara, sadə vətəndaşlara olan münasibətdir, diqqətdir, qayğıdır, onların problemlərini özününküləşdirməkdir. Özü də Ağstafa elə bir yerdir ki, yaxşı iş də, naqis iş də tez yayılır, müzakirə olunur. Əgər rayon rəhbəri bazara gedib qiymətlərlə maraqlanırsa, alıcılarla, satıcılarla görüşürsə, çayçıda bir qrup ağsaqqalı görüb onlarla əyləşib bir stəkan çay içirsə, dərdləşirsə, 95 yaşlı ağbirçək nənəni, Sosialist Əməyi Qəhrəmanını evində bir tortla təbrik edirsə, binaları, küçələri təmir ediləcək sakinlərlə əvvəlcədən bir-bir görüşüb məsləhətləşirsə...  bunlar mütləq hər yerdə danışılır, kənddən-kəndə yayılır. Məhərrəm Quliyev rayonda görülən bütün işləri Prezident  İlham Əliyevin Ağstafaya və ağstafalılara töhfəsi hesab edir. Əslində, bu, doğrudan da belədir. Ölkə rəhbərinin son illərdə Ağstafaya bir neçə dəfə səfər etməsi, əksər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etməsi, müxtəlif vaxtlarda vəsait ayrılması haqqında sərəncamlar imzalaması deyilənlərin əyani sübutudur.
...Ağstafada məmur adı gələndə “dinləyən”, “kömək edən” yada düşür. Təəssüf ki, bəzən vətəndaşların bir çoxu müraciət etmək hüququndan, məmurun məhz belə səmimi münasibətindən sui-istifadə edərək müəyyən təzyiqlər vasitəsilə əsassız tələblərinin yerinə yetirilməsinə də cəhd göstərir. Məlumdur ki, qəbulların əsas prinsipi vətəndaşı dinləmək və kömək etməkdir. Çünki uzaq məsafəni qət edərək qəbula gələn vətəndaş onu dinləyən şəxsin ədalətinə, xeyirxahlığına, kömək əli uzadacağına ümid edir və heç naümid qayıdacağına da inanmır.
Qəbul məsələləri öyrənilərkən məlum olur ki, əvvəlki illərlə müqayisədə qəbulların təşkili işi xeyli yaxşılaşmışdır.  Qanunvericiliyə uyğun olaraq, vətəndaşların əvvəlcədən müəyyən edilmiş günlərdə və saatlarda qəbul edilməsi, ümumilikdə isə qəbul işinin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlər görülür. Təsadüfi deyil ki, həftənin bütün iş günləri qəbul var. Məsələn, ilin əvvəlindən indiyədək icra hakimiyyəti başçısı aparatında 871 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon icra hakimiyyətinin rəsmi internet səhifəsi  “agstafa-ih.gov.az” və həmin səhifədə vətəndaşlar üçün “elektron müraciət” bölməsi fəaliyyət göstərir ki, icra hakimiyyətində və yerlərdə vətəndaşların qəbulu barədə oradan da məlumat almaq olur.
Vətəndaşların ən çox istifadə etdikləri müraciət formalarından biri də məktublar və digər yazılı müraciətlərdir. Hər hansı bir problemlə rastlaşan vətəndaş, ilk növbədə yaşadığı ərazidə, işlədiyi müəssisədə rəhbər vəzifəli şəxslərdən, yaxud aidiyyəti dövlət qurumunun rəhbərindən kömək istəyir və öz problemi ilə onların yanına üz tutur.
Məsələn, bu ilin ötən 11 ayında RİH başçısı aparatına cəmi 954 müraciət daxil olmuşdur ki, bunlardan da böyük əksəriyyəti – 867-si adicə ərizədir. Maraqlıdır ki, cəmi 87 şikayət ərizəsi olub ki, onun da 41-i, yəni təxminən yarısı əsassızdır. Bu müraciətlərin 272-si Prezident Administrasiyasından, 16-sı Milli Məclisdən, 17-si Nazirlər Kabinetindən, 54-ü digər yuxarı orqanlardan  və 595-i bilavasitə vətəndaşların özləri tərəfindən daxil olmuşdur.
Qaldırılan məsələlərdən 168-i həll olunmuş, 673-ü əsassız sayılmış və ya müvafiq izahat verilmiş, 64-nün həlli rayon icra hakimiyyətinin səlahiyyəti daxilində olmadığı üçün aidiyyəti təşkilatlara göndərilmişdir.
Cari ildə rayon icra hakimiyyətinin başçısı 36 səyyar qəbul keçirib. Bu qəbullar Ağstafanın 39 yaşayış məntəqəsindən 1 şəhəri,  5 qəsəbəni, 26 kəndi əhatə etmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 3900 nəfəri keçmiş, 369 təklif irəli sürülmüşdür.
Qeyd edək ki, qaldırılan problem və təkliflərin indiyədək 182-si həll olunub, 52-sinin isə icrası davam etdirilir. Digər təkliflərin icrasının  növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, icra hakimiyyəti başçısı aparatında 871 nəfər vətəndaş qəbul edilmişdir.
Bəs Ağstafada adamlar daha çox nədən yazırlar? Maraqlanmışıq. Məlum olub ki, vətəndaşların müraciətləri əsasən əlillik dərəcəsinin, ünvanlı sosial yardımın verilməsi, evlərinin təmir olunması, xaricdə müalicə almaları üçün yardım edilməsi, kommunal xərclərin ödənilməsi, təzə tikilmiş evlərə qaz, elektrik enerjisi, içməli su xətləri çəkilməsi  barədə olur. Rayon icra hakimiyyəti bunu da nəzərə alaraq, bir sıra hallarda yerli sahibkar və imkanlı şəxslərin maliyyə dəstəyi ilə vətəndaşlara qismən kömək göstərə bilir. Lakin nəyin bahasına olursa-olsun ələbaxımlıq hallarının tamamilə aradan qaldırılması üçün Ağstafada kompleks tədbirlər görülür və son illər buna nail olunur.
Ağstafa indi təkcə kənd təsərrüfatı rayonu kimi deyil, həm də sənaye rayonu kimi tanınmağa başlayıb. Rayonda elə sənaye kompleksləri, emal müəssisələri tikilib istifadəyə verilib ki, onlar bir çox sənaye şəhərlərində yoxdur. Yəni, kifayət qədər iş yerləri var. Torpaqda çalışanlara, əkib-biçənlərə nəinki maneçilik, əksinə, hərtərəfli dəstək var. Məhərrəm Quliyevin özü becərilən torpaqları  gəzib, adamların problemləri, çətinlikləri ilə maraqlanıb, su, texnika, dərman peraparatları sarıdan köməyini əsirgəməyib. Bunu rayonda hamı bilir.
...Ağstafalılar bu gün-güzəranlarından razıdırlar. Sabaha da ümüdlə baxırlar.Azərbaycanın hər yerində olduğu kimi, bu rayonda da dövlətə və dövlətçiliyə, ölkə Prezidentinə böyük inam var. O yerdə ki, məmur-vətəndaş münasibətlərində səmimiyyət, qarşılıqlı anlaşma hökm sürür, o zaman bütün çətinliklər dəf edilir. Elə Ağstafada olduğu kimi...

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Ağstafa

Keçidlər