Ağstafalı şagirdlər şəhid Adil Tatarovun ailəsini ziyarət ediblər
Bu gün Ağstafa rayonunun 2 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri Adil Tatarovun məzarını ziyarət edərək məzarı önünə gül dəstlələri və əklil qoyublar.
Şagirdlər Qıraq Kəsəmən kəndində yerləşən şəhidimizin evini ziyarət edərək ailəsi ilə görüşdülər. Görüş zamanı Adilin həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışan 2 saylı tam orta məktəbin drektoru Vəfa Tağıyeva, əməktar müəllim Nigar Bezraşvard və digərləri qeyd etdilər ki, Adil qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Adil ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi. Bu şücaəti ilə Adil Azərbaycan gəncliyinə baş ucalığı gətirdi. Bu gün hər bir gənc Adilin qəhrəmanlığından örnək alır, nümunə götürür.
Şəhidin atası Tatarov Əli ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirdi.
Sonra ziyarət iştirakçıları Adil Tatarova müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə verilən “Şücaətə görə” medalı, dövlət başçısının sərəncamı ilə Vətən uğrunda” medalı və müxtəlif şəkillər ibarət guşə ilə tanış oldular.