YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olundu
16 yanvar 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı “Tədbirlər planı” nın təsdiq edilməsi barədə 27 dekabr 2018-ci il tarixli 171 saylı Sərəncamına uyğun olaraq, rayonun bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə silsilə tədbirlərin keçirilməsinin icrasına başlanılmışdır. Lalə Eyyuba qeyd etdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu hadisələrin Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizəsini boğa bilmədiyini vurğuladı. Sonra Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, YAP Gənclər birliyinin sədri Elvin İmaməliyev və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycanın müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ehtiramla yad edilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir.