Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafadakı anım tədbirində şəhidlər yad edildi…

22 yanvar 2019 | 11:00


20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Ağstafanın Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Ümumxalq hüzn günündə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə əklil və gül dəstələri qoyulmuşdur. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Məhərrəm Quliyev şəhid ailələrinin üzvləri ilə görüşərək onlara dərin hüznlə başsağlığı vermişdir. Şəhid ailələrinin məişət qayğıları ilə maraqlanan rayon rəhbəri bildirmişdir ki, şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Şəhid ailələri birdəfəlik müavinət və təqaüd alır, həmçinin dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər.Bütün bunlara baxmayaraq biz həmişə sizin yanınızdayıq.Sizin qayğılarınız bizim qayğılar, problemləriniz bizim problemlərimizdir.   Həmin gün rayonun Vurğun qəsəbəsində 20 yanvar şəhidi Habil Əzizovun, məzarı, eləcə də Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri ziyarət edilmişdir.

  Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

Keçidlər