Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Adil Tatarovun doğum günü münasibəti ilə anım tədbiri keçirildi

28 yanvar 2019 | 11:00

Bu gün şəhidimiz Adil Tatarovun 20 yaşı tamam oldu və rayonun Qıraq Kəsəmən kəndində doğum günü ilə əlaqədar anım mərasimi keçirildi. Şəhidin qəbirüstü abidəsini ziyarət edən valideynləri, Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri, Qarabağ qaziləri, müharibə veteranları eləcə də kənd ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri düzdülər. Mərasim iştirakçıları Adil Tatarovun və onun timsalında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin qəbrini ziyarət edən insanlar Adilin məzarı başında ruhuna dualar oxuyub valideynlərinə Allahdan səbr dilədilər. 
Adilin şərəfinə doğulub boya-başa çatdığı evində ehsan süfrəsi açıldı. Rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov bildirdi ki, Naxçıvan qələbəsi nəticəsində bütün dünya ordumuzun gücünü, qüdrətini hiss etdi. Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Adil Tatarov hərb tariximizə yeni şanlı səhifələr yazdı.
Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır. Məhz, Adil Tatarovun qəhrəmanlığı nəticəsində ordumuz 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçibdir.
Şəhidimizin yaxınları belə gündə onları tək qoymayan insanlara minnətdarlıq etdilər. Adil  kimi igid oğulları çox olan vətənin bir qarış torpağı da düşmən tapdağı altında qalmayacaq və qısa bir zaman ərzində azad olunacaq.

 

Keçidlər