Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkənin daha bir nəhəng aqroparkı Ağstafada inşa olunub

05 fevral 2019 | 11:00

Ağstafada inşa olunan Aqroparkda işlər surətlə davam edir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev burada yaradılan şəraitlə yaxından tanış olub.Aqroparkın rəhbəri Rəsul Orucov bildirib ki, Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası artıq yekunlaşıb. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir. Region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat 3 zavoddan ibarətdir. Bunlar taxıl emalı, un, çörək və yarımfabrikatlar zavodlarıdır. Burada saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilib. İaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları satılacaqdır.   Məlumat verilib ki, burada inşa olunan taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradır. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaqdır.Qeyd edilib ki, dəyirmanın ən böyük əhəmiyyəti emala təqdim edilmiş taxılın yuyulmaması ilə bağlıdır. Yəni taxılın nəmləndirilməsi işi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm unun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaqdır.Kompleksin yaradılmasında əsasən Almaniya və İsveçrə texnologiyalarından istifadə olunubdur. Qeyd edək ki, rayon rəhbərliyi ilk dəfə deyil ki, Aqroparkın tikintisində işlərin gedişi ilə maraqlanır. Nəhəng, region üçün böyük əhəmiyyətə malik Aqroparkın inşasının hər mərhələsi ciddi nəzarət altındadır. Ortaya çıxan problemlər həm də icra hakimiyyətinin birgə səyi ilə operativ aradan qaldırılır.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

Keçidlər