Ağstafa şəhəri 20 yanvar və Hüseyn Arif küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri 20 yanvar və Hüseyn Arif küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Şəhla Mehdiyeva 20 yanvar və Hüseyn Arif küçələrində insanların təhlükəsizliyinin və piyada hərəkətinin tənzimlənməsi üçün səkinin düzəldilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Mansır Quliyev hər iki küçədə müasir tipli elektrik dayaqlarının quraşdırılmasını xahiş etdi.
3. Eldəniz Həsənov iş yerlərinin açılmasının vacib olması barədə danışdı.
4. Səmayə Əliyeva yeni inşa edilən 88 mənzilli yaşayış binalarında aparılan işlərin sürətləndirilməsini təklif etdi.
5. Zəkəriyyə Nəbiyev 20 yanvar və Hüseyn Arif küçələrinə asfalt örtüyünün salınmasını təklif etdi.
6. Mirqasım Əhmədov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Lalə Sədiyeva Hüseyn Arif küçəsinin ətrafında yaşıllıqların suvarılması üçün suvarma şəbəkəsinin çəkilməsi barədə danışdı.
8. Validə İsgəndərova Hüseyn Arif və 20 yanvar küçələrinə içməli suyun verilmə müddətinin artırılmasını xahiş etdi.
9. İlqar Qəhrəmanov şəhərdə Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşa edilməsini təklif etdi.
10. Aqilə Yolçuyeva hər iki küçədə toplanan məişət tullantılarının vaxtında yığılaraq daşınmasının təmin edilməsini xahiş etdi.
11. Əbülfət Həsənov kanalizasiya sistemi və içməli su şəbəkəsinin tikintisinin başa çatdırılmasının sürətləndirilməsinə dair çıxış etdi.
12. Səməd Şərifov 20 yanvar küçəsinin əsas hərəkət hissəsinə maneə törədən ağac budaqlarının kəsilməsinə ehtiyac olduğunu qeyd etdi.
13. Mayıl Kazımov rayon mərkəzindəki dəmiryolu və 110/35/10 kv yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin şəhərin kənarına çıxarılmasını təklif etdi.
14. Ruqiyə Mustafayeva 20 yanvar küçəsində yerləşən iki mərtəbəli çoxmənzilli yaşayış binalarının dam örtüyünün dəyişdirilməsini xahiş etdi.
15. Qumru Fərəcova Mərkəzi kitabxana darısqal və şəraitsiz olduğundan, yeni kitabxana binasının inşa edilməsini təklif etdi.
16. Nürəddin Hacıyev 20 yanvar küçəsində 11 saylı iki mərtəbəli çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyünün salınmasını xahiş etdi.
17. Tahir Abdıyev Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün İdman Sağlamlıq Kompleksinin inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə və R.Alıcanov küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Şəhərin Ü.Hacıbəyov küçəsinə asfalt örtüyünün salınması tam başa çatdırılmışdır. Hazırda şəhərin Səməd Vurğun və 20 yanvar küçələrində abadlıq işlərinə başlanılmışdır. Yaxın vaxtlarda Hüseyn Arif küçəsinin yenidən qurulmasına başlanılacaq.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.