Rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir: "Ağstafa davamlı inkişaf yolunda"
13 fevral 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, Milli Məclisinin deputatı Nizami Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə Mərkəzin önündə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.
Böyük ölçülü ekranda Ağstafada 2018-ci ilin yekunlarına həsr olunmuş qısametrajlı film nümayişindən sonra İcra başçısı geniş məruzə ilə çıxış etdi. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev hesabat yığıncağının gündəliyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.. Qeyd olundu ki, ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafanın da inkişafına böyük təkan vermişdir. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, rayonda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7324 yeni iş yeri açılmışdır. Son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,0 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,8 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 2,4 dəfə, orta aylıq nominal əmək haqqı 1,3 dəfə artmışdır. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə 12591 nəfər məşğul olmuşdur. Cənab Prezidentin sərəncamı ilə rayonda 9 ədəd subartezian quyusu istismar üçün balansa götürülmüş, 12 ədəd yeni subartezian quyusunun qazılması cari ildə nəzərdə tutulur. İl ərzində Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. Rayonun Qraq Kəsəmən, Zəlimxan və Göycəli kəndlərində yerli imkanlar hesabına “Şəhidlər parkı” tikilib istifadəyə verilmişdir. Ağstafa rayonunun yaşayış məntəqələri 100 faiz mavi qazla təmin olunmuşdur. Əhalinin elektrik enerjisi ilə təminatında 124 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş, 7,7 km yeni SİP kabel xətti çəkilmiş və 1011 ədəd yeni metal dayaqlar quraşdırılmışdırir. Ağstafa şəhər əhalisini daha təmiz və keyfiyyətli su ilə təmin olunması üçün rayonun Vurğun qəsəbəsində yerləşən mərkəzi su anbarı kompleksinin ərazisində “Osmos” tipli su təmizləyici qurğunun tikintisi həyata keçirilir. Rayonunun yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması davam etdirilmiş və kənd yollarının 90 faizi asfaltlanmışdır. Hazırda 9,5 km uzunluğunda Ağstafa-Xətai-Yenigün avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri işlərinə başlanmışdır. Təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində Köhnəqışlaq kəndində 108 şagird yerlik yeni məktəb binası və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan Böyük-Kəsik kənd tam orta məktəbinin yeni binasının tikinti işləri davam etdirilir, H.Aslanov qəsəbəsində 20 şagird yerlik modul tipli məktəbin quraşdırılması başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. 2018-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında məzunlarımızdan 17 nəfər 600-dən, 42 nəfəri isə 500 baldan yuxarı nəticə göstrəmişdir.
2018-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 40 səyyar qəbul görüş keçirilmişdir. Bu qəbullarda 4306 nəfər sakin iştirak etmiş, 409 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 202-si həll olunub, 59-un icrası davam etdirilir, 148 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, Milli Məclisin deputatı Nizami Cəfərov çıxış ediblər.
Daha sonra hesabat yığıncağı iştirakçıları adından Azərbaycan Respublikası Preztenti cənab İlham Əliyevə müraciət qubul edildi.
Tədbirdə iştirak edən rayon ictimaiyyətinin bir sıra nümayəndələri açıq mikrofon önündən öz istək və təkliflərini səsləndiriblər.
Tədbirin sonunda 2018-ci ildə rayonun müvafiq sahələri üzrə fəaliyyətlərində fərqlənənlər Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları ilə təltif olunublar.
Hesabat yığıncağı işgüzar şəraitdə keçib.