Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin pulsuz müayinəsi davam edir

25 fevral 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 12-dən başlayaraq ölkəmizin hər yerində əhalinin tibbi müayinə aksiyasına başlanılmışdır. Aksiyanın mütəşəkkil keçməsi üçün bütün səhiyyə ocaqlarında geniş hazırlıq işləri görülmüş, əhalinin öz sağlamlıq durumu barədə ətraflı məlumat alması üçün bütün şərait yaradılmışdır. Ağstafa əhalisinin də tibbi müayinələrdən keçməsi üçün lazım olan bütün şərait yaradılmışdır. Bunun üçün 4 həkim briqadası yaradılmış, briqadalar lazım olan tibbi avadanlıqlarla təmin edilmişdir. Bundan başqa səhiyyə ocaqlarına gələ bilməyən bəzi xəstələrin tibbi müayinədən kənarda qalmaması üçün səyyar həkim briqadası yaradılmış, onlar avtomobillə, eləcə də dərman və tibbi ləvazimatlarla təmin edilmişlər.   Mərkəzi rayon xəstəxanasının baş həkimi Fatma Vəliyeva ilə söhbət zamanı dedi ki, görülən hazırlıq işlərinin nəticəsidir ki, fevralın 21-dək rayon əhalisinin 12 min 231 nəfəri tibbi müayinədən keçmiş, insanlar öz sağlamlıq durumları barədə ətraflı məlumat almışlar. Müayinədən keçən rayon sakinlərindən 43 nəfəri stasionar müalicəyə, 1109 nəfəri isə ambulator müayinəyə cəlb edilmişdir. 25 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmiş, 10 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılmışdır. Qeyd edək ki, pulsuz keçirilən aksiya zamanı rayonun sərhəd kəndlərinin əhalisi diqqət mərkəzində saxlanılır. Elə bu məqsədlə fevralın 19-da rayonun Köhnə Qışlaq kəndində keçirilən iki günlük tibbi müayinələrdə 430 nəfər həkimlərin xidmətindən yararlanmışdır. Müayinədən keçən hər bir sakin bu işin təşkilatçılarına minnətdarlıqlarını bildirmiş, insanların sansağlığının qorunması üçün ölkə başçısının verdiyi tapşırığı yüksək qiymətləndirmişlər. 

                           Sabir ƏLİYEV,
                          “Azərbaycan”

Keçidlər