Ağstafada Rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika olimpiadası keçirilib
Fevralın 28-də Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika olimpiadası keçirilib. Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyinin və Ağstafa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini şagirdlərə mənimsətməkdir. Açılış mərasimi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlanıb. Olimpiadada Ağstafa rayon məktəblərindən 215, Qazax rayon məktəblərindən 30, ümumilikdə 245 şagird iştirak edib. Ötən illərdən fərqli olaraq olimiada bir mərhələdə aparılıb. 7 və 8-ci sinif şagirdləri 60 dəqiqə ərzində onlara təqdim edilən test tapşırıqlarını cavablandırıblar. Olimpiadanın yekununda şagirdlərə Rusiya səfirliyi tərəfindən sertifikatlar təqdim edilib.