AĞSTAFA İNKİŞAF EDİR, MÜASİRLƏŞİR
Ağstafa paytaxt Bakıdan 450 km məsafədə yerləşməsindən və inzibati rayon kimi yaxın keçmişdə yaranmasından asılı olmayaraq, rayonda irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, tikinti-quruculuq işlərinin geniş vüsət alması, iri sənayə, aqrar müəssisələrin yaradılması rayonun simasını dəyişərək müasir məkanlardan birinə çevirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Regionların sosialiqtisadi inkişafı” Dövlət proqramlarından irəli gələn vəzifələr rayon rəhbərliyinin başçılığı ilə uğurla həyata keçirilir. Rayona investisiya qoyuluşu davamlı xarakter almışdır. Ötən iki il ərzində 52 milyon manat özəl investisiya qoyulmuşdur. Son yeddi il ərzində müxtəlif maliyyə mənbələri hesabına rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 381,4 milyon manat olmuşdur. Rayonda sahibkarlığa yaradılan münbit və şəffaf şərait nəticəsində ötən dövrdə 7324 yeni iş yeri açılmışdır. Ağstafada həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində son yeddi il ərzində ümumi məhsul buraxılışının həcmi 2 dəfə, sənayə məhsulunun istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,8 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 2,4 dəfə, orta aylıq nominal əmək haqqı 1,3 dəfə artmışdır. Rayonda qeyri-neft sektoru, o cümlədən, aqrar sahə özünün sürətli inkişaf dövrünü yaşayır. Hazırda Ağstafa aqroparkında son tamamlama işləri başa çatmaq üzrədir. Müəssisədə saatda 25 ton istehsal gücündə olan dənli bitkilərin toxumu istehsalı zavodu, saatda 5 ton istehsal gücünə malik olan paxlalı bitkilərin toxumu istehsalı zavodu, 36 min tonluq taxıl çeşidləmə-qurutma və saxlama anbarı, gündəlik 120 ton un emal edən dəyirman kompleksi, gündəlik 48 ton istehsal gücü olan yarımfabrikat və çörək zavodu, 36 ton istehsal gücü olan makaron zavodu, əhaliyə iaşə və digər xidmətlərin, ticarətin həyata keçirilməsi üçün 2,4 min m2 sahədə müasir ticarət mərkəzi, 282 oturacaq yeri olan çoxfunksiyalı sərgi mərkəzi və 130 yerlik müasir yeraltı avtomobil dayanacağı parkının tikintisi başa çatmaq üzrədir. Yaxın zamanlarda 8 ha torpaq sahəsində istixana kompleksinin quraşdırılması və 10 min tonluq soyuducu anbarının tikintisi nəzərdə tutulur. Almaniya şirkətlərinin avadanlıq və texnologiyalarından istifadə edilən kombinatda 310 nəfər işlə təmin olunacaqdır. Bundan başqa, Ağstafada dövlətimizin başçısı cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyət göstərən “Karvan-L EKO” sənaye parkında istehsal gücü gündəlik 126 min ədəd kərpic və 8 min ədəd kirəmit dam örtüyü olan kərpic və keramika dam örtüklərinin istehsalı zavodunun tikintisi başa çatdırılmış və ilkin məhsul istehsalı üçün yoxlama aparılır. Müəssisədə 150 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Bununla yanaşı, 2 ha sahədə yeni istixana kompleksi quraşdırılmış, 4 ha sahədə tərəvəz məhsulları istehsal olunur. Təkcə ötən il ərzində rayonda 990 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. Bundan 885 nəfəri daimi iş yerləridir. Rayonda “Akkord tekstil MMC”nin tikiş fabriki fəaliyyət göstərir. Burada 80 nəfər çalışır. Müəssisədə istehsal olunan məhsullar Azərbaycan brendi ilə bir neçə ölkəyə ixrac olunur. Yaxın gələcəkdə istehsal olunan məhsulların çeşidinin artırılması və işçilərin sayının çoxaldılması istiqamətində iş aparılır. Ağstafada rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə də ürəkaçan mənzərə müşahidə olunur. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının həcmi 5,1 faiz artmışdır. Ötən ildə rayonda 30703 ton taxıl istehsal olunmuş, orta məhsuldarlıq 30 sentner (qarğıdalısız) olmuşdur. 20,1 min ton kartof, 7,9 min ton tərəvəz, 2 min ton bostan bitkiləri, 13,4 min ton meyvə, 7,1 ton üzüm istehsal olunmuşdur. Əkinçilikdə bol məhsulun əldə olunması birbaşa suvarmadan asılı olduğuna görə bu sahədə mühüm işlər görülür. Suvarma suyuna olan tələbatı ödəmək üçün bir sıra məqsədyönlü işlər həyata keçirilmişdir. Ağstafada infrastruktur layihələrin həyata keçirilməsi də daim diqqət mərkəzindədir. Şəhərdə küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri daim diqqət mərkəzində saxlanılır. Şəhərin əksər küçələrində abadlıq işləri başa çatdırılmışdır. Ağstafa şəhərində və Poylu qəsəbəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, fasadlarda və pilləkən qəfəslərində təmir işləri aparılmışdır. Ağstafanın yol nəqliyyat təsərrüfatı son dövrlərdə sürətlə yenilənir. Ümumi uzunluğu 10 km olan Düzqışlaq-Kolayır-Xılxına-Qarahəsənli avtomobil yolu yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 9,5 km uzunluğunda Ağstafa-Xətai-Yenigün avtomobil yolunun yenidən qurulması və əsaslı təmir işlərinə başlanılmışdır. Rayonda təhsil infrastrukturunun yaxşılaşdırılması da mühüm məsələ kimi həmişə diqqətdə saxlanılır. Ötən il Köhnəqışlaq kəndində 108 şagird yerlik yeni məktəb binası və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binası tikilib müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Zəlimxan kənd tam orta məktəbinin dam örtüyü və pəncərələri dəyişdirilmiş, təmir işləri aparılmışdır. Yararsız vəziyyətə düşmüş BöyükKəsik kənd tam orta məktəbinin yeni binasının tikinti işləri sürətlə davam etdirilir. H.Aslanov qəsəbəsində 20 şagird yerlik modul tipli məktəbin quraşdırılması başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, son illərdə məzunların ali məktəblərə qəbulunda dinamik artım müşahidə olunur. Ötən tədris ilində Ağstafa məzunlarından 17 nəfər 600-dən, 42 nəfər isə 500- dən yuxarı bal toplayaraq respublikanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olunmuşlar. Ümumilikdə 289 nəfər məzun tələbə adını qazanmışlar. Rayonun Göycəli kəndində və Ağstafa şəhər 2 saylı Körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Əhalinin sağlam həyat keçirməsi istiqamətində də Ağstafa səhiyyə işçiləri öz üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirirlər. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə respublikada həyata keçirilən 18 yaşdan yuxarı vətəndaşların tibbi müayinəyə cəlb olunması Ağstafa rayonunda yüksək mütəşəkkilliklə həyata keçirilir. Qeyd etmək lazımdır ki, əldə olunan nailiyyətlərlə yanaşı qarşıda bir çox layihələrin həyata keçiriləcəyi vacib məsələlərdəndir. Görünən odur ki, Ağstafa sözün əsl mənasında sürətli inkişaf tempini saxlayır.
Vəli VƏLİYEV,
"Respublika"