Qırılı kəndində vətəndaşlarla görüş keçirildi
Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə Qırılı kənd sakinləri ilə görüş keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Sonra İcra başçısı çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır. Ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır.
Son illərdə Qırılı kəndində əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib. Kənddə qaz, işıq, içməli və suvarma suyu, Ağstafa – Köçəsgər və həmin yaşayış məntəqələrini Qırılı kəndi ilə əlaqələndirən Eynallı-Qırılı avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması, təhsil, uşaq bağçası kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanıldığı vurğulandı.
Yeni məktəb binasının və 1 saylı körpələr evi-uşaq bağçasının yenidən tikilməsinə ehtiyac olduğunu vurğulayan kənd sakinləri həmçinin kəndin mərkəzində subartezan quyusunun qazılmasına, suvarma arxlarının betonlaşmasına köməklik göstərilməsini xahiş etdilər.
Sonda cənab Məhərrəm Quliyev görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.