Şriftin ölçüsü :

Saytın rəngi :

İstehsal sahələri genişlənir, yeni iş yerləri açılır

30 mart 2019 | 11:00

"Ağstafa Aqro Park”nda dənli bitkilərin toxumu istehsalı zavodunun, paxlalı bitkilərin toxumu istehsalı müəssisəsinin, taxıl çeşidləmə-qurutma və saxlama anbarının, dəyirman kompleksinin, yarımfabrikat və çörək zavodunun, makaron zavodunun, 2,4 min kvadratmetr sahədə müasir ticarət mərkəzinin, çoxfunksiyalı sərgi mərkəzinin və yeraltı avtomobil dayanacağı parkının tikintisi başa çatdırılmışdır.
Gələcəkdə 8 hektar torpaq sahəsində istixana kompleksinin quraşdırılması və 10 min tonluq soyuducu anbarların tikintisi də nəzərdə tutulmuşdur. Almaniya şirkətlərinin avadanlıq və texnologiyalarından istifadə edilən kombinatda 310 nəfər iş yeri ilə təmin edilmişdir.
Ölkə rəhbərinin xeyir-duası ilə fəaliyyətə başlayan "Karvan-L” EKO sənaye parkında gündəlik istehsal gücü 26 min kərpic və 8 min kirəmit dam örtükləri istehsalı zavodunda isə ilkin məhsul istehsalı üçün test aparılmışdır. Müəssisədə 150 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada istixana kompleksinin quraşdırılması işlərinə də başlanılmışdır.
Bölgədə yaxşı tanınan "Saloğlu” firması da fəaliyyətini uğurla davam etdirir. Əvvəlcə firmaya məxsus yumşaq mebel fabrikinin, 2016-cı ildə isə "Modern” mebel fabrikinin açılışı olmuş, "Venzana” mebel fabrikinin təməli qoyulmuşdur. Hazırda burada istehsal olunan məhsullar daxili bazarlarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur. Fabrikdə 400 nəfər çalışır. Müəssisənin istehsal sahələrini genişləndirməklə 2500 iş yerinin açılması istiqamətində iş aparılır. Yeni "Venzana” fabrikinin ümumi sahəsi 17500 kvadratmetrdir. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə burada ildə orta hesabla 31 min yataq və yumşaq mebellər istehsal olunacaq. Cari ilin sonunadək istifadəyə veriləcək yeni mebel fabrikindən 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə "Made in Azerbaijan” brendi ilə mebel ixracı nəzərdə tutulur. Bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı, Ağstafa rayonunun ixrac potensialının artırılmasına imkan verəcəkdir.
Dövlət başçısının tapşırığına uyğun olaraq qədim xalçaçılıq ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması məqsədilə Ağstafada da xalça fabrikinin tikintisi başa çatdırılmış, burada 180 nəfər işlə təmin edilmişdir. 80 nəfərin çalışdığı "Akkord Tekstil” MMC-nin tikiş fabrikində istehsal olunan məhsullar isə Azərbaycan brendi ilə Avropaya ixrac olunur. Burada da məhsulların çeşidinin və işçilərin sayının artırılması istiqamətində işlər davam etdirilir.
Son illər rayonda kiçik və orta sahibkarlıq subyektlərinə məxsus onlarca digər müəssisələr də açılmışdır. Təkcə keçən il həyata keçirilmiş tədbirlər sayəsində 990 nəfər yeni iş yeri ilə təmin edilmişdir. Bunun 885-i daimidir. Hazırda yeni müəssisələrin yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə keçən il Sahibkarlığa Kömək Milli Fondu iş adamlarına 34 layihə üzrə 324,7 min manat güzəştli kredit vermişdir.
Rayon iqtisadiyyatının əsasını isə kənd təsərrüfatı təşkil edir. Odur ki, ərzaq məhsullarının artırılmasına ciddi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, keçən il dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı sayəsində rayonda kənd təsərrüfatı məhsullarının həcmi 5,1 faiz artmışdır. Başqa sözlə, 30703 ton taxıl, 20,1 min ton kartof, 7,9 min ton tərəvəz, 2 min ton bostan bitkiləri, 13,4 min ton meyvə və 7,1 min ton üzüm, 4305 ton ət, 17170 ton süd istehsal olunmuşdur.
Rayonda suvarma suyuna olan tələbat əsasən Ağstafaçay Hidroqovşağı İstismar İdarəsi və Ağstafa Suvarma Sistemləri İdarəsi tərəfindən ödənilir. Keçən il bu idarələr tərəfindən həyata keçirilən tədbirlər nəticəsində suvarmada problem yaranmamışdı. Suvarma suyuna olan tələbatın ödənilməsi üçün daxili suvarma arxlarının təmizlənməsinə ciddi nəzarət edilmiş, qəsəbə və kəndlərdə olan subartezian quyularının il boyu işləməsi üçün onlara göstərilən texniki xidmət daim nəzarətdə saxlanılmışdır.
Abadlıq və quruculuq işləri də diqqətdə saxlanılır. Rayon mərkəzində abadlıq işləri görülmüş, Poylu qəsəbəsində çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadlarında təmir işləri aparılmış, Qıraq Kəsəmən, Zəlimxan və Göycəli kəndlərində istirahət parkları istifadəyə verilmişdir. Keçən il Böyük Kəsik kəndinə təbii qazın verilməsi ilə rayonda qazlaşdırma 100 faiz başa çatdırılmış, əhalinin elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 7 yeni məktəb tikilmiş, köhnə məktəblərdə əsaslı təmir işləri aparılmışdır.
Ötən il rayonun yol-nəqliyyat infrastrukturunda yenilənmə işləri də davam etdirilmiş, ümumi uzunluğu 10 kilometr olan Düzqışlaq-Kolayır-Xılxına-Qarahəsənli avtomobil yolu yenidən qurulmuşdur.
Sabir ƏLİYEV,
"Azərbaycan”

Keçidlər