Açıq səma altında mini Azərbaycan parkı
2013-cü ildə Ağstafa rayonunda aparılan abadlıq və tikinti-quruculuq işlərində yeni layihələrin icrasına mühüm əhəmiyyət verilir. Bu günə kimi yalnız bir neçə Avropa ölkələrində olan tarixi və müasir abidələr parkının daha estetik və dizayn görkəmi təkmil olan Açıq səma altında mini Azərbaycan parkının tikintisində tamamlama işləri aparılır.
Ərazisi 2,5 ha olan bu mini park Azərbaycan Respublikasının xəritəsinin tərtibatı üzərində ölıkəmizin dövlət sərhədləri boyunca Azərbaycanı əhatə edən dağ silsilələri, çay və gölləri, təbiət mənzərələri, tarixi və müasir abidələri əks etdirən miniatur park olacaqdır. Mini Azərbaycan parkında 70-dək tarixi, dini abidə və müasir dövrdə inşa edilmiş gözəl və yaraşıqlı saray və binaların maketi quraşdırılır. Burada əsas magistral avtomobil və dəmir yol xətləri, körpü və yol qovşaqlarının maketləri qoyulmuş, hər bir rayonun tarixi və təbiət abidələri öz əksini tapmışdır.
Azərbaycanın bütün bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikili abidələrimiz, hazırki inkişafımızı ifadə edən müasir tikililərin nümunələri həmin mini parkda sərgilənməkdədir. Mini Azərbaycan parkının bir hissəsində Azərbaycan Respublikasının sosial-iqtisadi infrastrukturunun inkişaf mərhələlərini əks etdirən yeniliklərin də miniatür heykəlləri qoyulmuşdur.
Həmin parkda gərgin yaradıcılıq və tikinti işləri getməkdədir. Açıq səma altında mini Azərbaycan parkının cari ilin iyul-avqust ayında istifadəyə verilməsi nəzərdə tutulur.